“Yəhudilər İsraildən Azərbaycana köçür” iddiası

Amerika yəhudilərinin köçü ilə bağlı söylənənlər həqiqəti əks etdirirmi?

Azərbaycanda səfərdə olan Amerika Yəhudi Komitəsinin (AYK) nümayəndə heyətinin Diasporla İş üzrə Dövlət Komitəsində keçirdiyi görüş zamanı maraqlı fakt açıqlanıb. Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevlə söhbət zamanı AYK nümayəndə heyətinin rəhbəri, “ACCESS” şirkətinin direktoru Aleksis Hillari Frankel müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərə göstərilən xoş münasibətdən bəhs edib və əlavə edib ki, İsrailə köçən yəhudilər Azərbaycana qayıdır.

Sitat: “Yəhudi icması ilə görüşdə bizə dedilər ki, Azərbaycandan İsrailə köçən bəzi yəhudilər geri qayıdır. Bu o deməkdir ki, onlar burda özlərini çox rahat hiss edir”.

Azərbaycan-İsrail Ticarət Evinin rəhbəri, xoşməramlı səfir Aleksander Şapiro Suliman “Bakı-Xəbər” qəzetinə bildirib ki, faktı təsdiq etməsə də, yəhudilərin Azərbaycana qayıtmasını mümkün hesab edib.

Sitat: “Azərbaycanda fəaliyyət göstərən iş adamları olaraq bu ölkədən tam razıyıq. Bu ölkədə yəhudilərlə azərbaycanlılar arasında daimi dostluq olub. Azərbaycanın heç bir kəndində, qəsəbəsində və ya şəhərində yəhudilərə qarşı ayrı-seçkilik olmayıb. Çox tolerant olan bu ölkədə antisemitizmə misal çəkilə biləcək bir hal belə yoxdur. Yəhudilərin Azərbaycanı tərk etməsi ümumi proseslərin fonunda baş verib. Bu, daha çox, SSRİ-nin dağılması ilə bağlı idi. Həmin vaxt bütün respublikalarda iqtisadi böhran yaşanırdı. Yəhudilər yalnız Azərbaycanı tərk etmədi. Belə yerdəyişmələr başqa sovet respublikalarında da oldu. Azərbaycandan İsrailə kütləvi yəhudi köçü də olmadı. Bu gün biz fərqli bir Azərbaycan görürük: yüksək inkişaf etmiş, modern, biznes üçün əlverişli bir ölkə. Təbiidir ki, belə ölkəyə hamı qayıtmaq istəyər. Bu baxımdan da buranı tərk etmiş yəhudilərin ölkəyə dönüşü tam mümkündür”.

Qeyd edək ki, 90-cı illərdə Azərbaycandan köçmüş yəhudilərin geri qayıtması ilə bağlı xəbərlər daha əvvəl də dövriyyəyə buraxılıb. Hesab olunur ki, Azərbaycana gələn neft pulları və yəhudilər üçün biznes mühitinin əlverişli olması onları cəlb edir. Üstəlik, ən mühümü odur ki, Azərbaycanda yüksək səviyyədə tolerant mühit var və yəhudilər Azərbaycanda heç bir ayrı-seçkilik, diskriminasiya ilə üzləşmədən yasaya bilir. Bu şərtlərin hamısı heç də bütün dünya ölkələrində eyni anda yəhudilər üçün mövcud deyil. Bu səbəbdən də geri qayıtmalarla bağlı nəzəri səbəblərin olduğunu deyə bilərik.

Hətta 20 il əvvəl köçən yəhudilərin qayıdaraq Qubadakı Qırmızı qəsəbədəki evlərini yenidən təmir etdiyi, tikdiyi haqda da məlumatlar olurdu. Ancaq yəhudilərin Azərbaycana kütləvi qayıtmasından söz etmək mümkün deyil.

İlk növbədə ona görə ki, öz vətəndaşlarının Azərbaycan da daxil olmaqla, başqa ölkəyə köçməsi İsrailin quruluşundan bu yana apardığı siyasətə uyğun deyil. Çünki İsrail dövləti qurulmamışdan hələ çox illər əvvəllərdən yəhudi qurumları dünyanın müxtəlif ölkələrində yaşayan yəhudiləri müxtəlif şirnikləndirici vasitələrlə İsrail (o zaman Fələstin – K.) ərazilərinə köçürüb. Bu gün də İsrailin siyasəti yəhudiləri cəlb etmək və demoqrafik vəziyyəti öz xeyrinə dəyişməkdir. Belə bir durumda yəhudilərin hansısa başqa ölkəyə köçməsinə imkan verilməsi inandırıcı deyil. Yalnız iş qurmaq və ya biznes məqsədilə fəaliyyətlər ola bilər ki, bu da köçmək deyil, sadəcə müvəqqəti iş yerdəyişməsi ola bilər.

İkinci tərəfdən, yəhudilərin daha rahat həyat üçün Avropa və ya Amerikaya köçməsi daha realdır, nəinki Azərbaycana. Çünki Avropada yəhudilər üçün daha yüksək komfort vəd edilir. Bu mənada yəhudilərin Azərbaycana köçü xəbərini o qədər də ciddi qəbul eləmək mümkün deyil. Bu daha çox diplomatik jest kimi qəbul oluna bilər. Həm də daha çox Amerika yəhudi təşkilatları ilə Azərbaycan hökuməti arasında münasibətlərin durumunu göz önünə gətirir. (musavat.com)

COMMENTS