“Ya mən bir pillə qalxım, ya da o adı üstümdən götürsünlər…”

“Ya mən bir pillə qalxım, ya da o adı üstümdən götürsünlər…”

“Fəxri ada layiq görülməmişiksə, daha neyləyək, belədir də. (Gülür) Bizim fəxri ad almağımızın vaxtı çoxdan çatıb. Qədim Musiqi Alətləri Dövlət Ansamblında otuz ildir ki, işləyirəm. Rəsmi qeydiyyata da alınıb, 1995-ci ildə ona Ulu Öndər Heydər Əliyev tərəfindən rəsmi status verilib”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Nuriyyə Hüseynova deyib. Xanəndə illərdir xidmət etməsinə baxmayaraq, hələ də Xalq artisti fəxri adına layiq görülməməsindən gileylənib:
“Mən də orda solist işləyirəm. O ansamblla biz dünyanı ələk-vələk eləmişik. Əslində evdə oturub, ömrü boyu bir xarici ölkəyə getməyən, dövlətə işləməyən adamların fəxri ad almasını görəndə sənə pis təsir edir. İşləsin, özü bilər, heç kimi tənqid etmək niyyətim yoxdur, hər kəsin öz ruzisi, qisməti, şansı var. Bu dövlət mənim vətənimdir, ölkəmə xidmət etmək borcumdur. Nə qədər ki, canımda cövhər var, həmişə xidmət etməyə hazıram. Amma ki, xidmət etməyən, evdə oturanlar Xalq artisti fəxri adı alanda istər-istəməz adama ağır gəlir ki, ölçüyə gəlsə, mənim əməyim daha çoxdur. Mən də, tələbəm də Əməkdar artistdir və bu da gülməli çıxır. Ona görə də ya mən bir pillə qalxım, ya da o adı üstümdən götürsünlər. Tələbəylə müəllim eyni statusu daşımamalıdır”.
Qeyd edək ki, millət vəkili Fazil Mustafa fəxri adlarla bağlı çıxışı zamanı bunları deyib: “Süleyman Abdullayev kimi nəhəng sənətkarın 90-a yaxın yaşı var, Nuriyyə Hüseynova illərin sənət adamıdır, ancaq heç biri fəxri ada layiq görülməyib”.
DOSYE.ORG

COMMENTS