YAP Nərimanov rayon təşkilatında tədbir keçirilib

YAP Nərimanov rayon təşkilatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə partiyanın Nərimanov rayon təşkilatının qərargahında YAP-ın yaranmasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Tədbir iştirakçıları əvvəlcə rayon təşkilatının qərargahında Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov Yeni Azərbaycan Partiyasının yarandığı vaxtdan keçdiyi inkişaf yolu barədə fikirlərini bildirib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası gənclər üçün böyük siyasi məktəbdir. Partiyamızın gəncliyin inkişafı üçün bütün imkanları yaratdığını deyən S.Orucovun sözlərinə görə, bu səbəbdən də gənclərimiz siyasi fəaliyyətlərini YAP-la bağlayırlar. «Hazırda YAP-ın sıralarına qoşulan gənclərin sayı 250 min nəfərə qədərdir. Bu da ümumi partiya üzvlərinin 40 faizdən çoxunu təşkil edir. Gənclər YAP kimi təşkilatda böyük siyasi məktəb keçirlər. Bunun nəticəsi olaraq, onlar siyasətçi kimi formalaşırlar. Gənclərimiz arasında mühüm dövlət strukturlarına irəli çəkilənlərin də sayı çoxdur ki, bunun əsas səbəbi onların partiyamızın yetirmələri olmasıdır»- deyə, S.Orucov qeyd edib.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, YAP Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu siyasət bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının əbədi lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir”.
T.Tağıyev deyib ki, YAP Nərimanov rayon təşkilatının üzvləri qürur duyurlar ki, Bakı şəhərində partiyamızın ilk təşkilatı məhz Nərimanov rayonunda yaradılıb.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov çıxışında bildirib ki, məhz Ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas olub: “Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru addımlayır”.
YAP-ın gənc fəalı Aytən Məmmədova isə deyib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddət sonra iqtidar partiyasına çevrildi: “Bu gün Ulu öndərin siyasi kursunun YAP Sədri, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan yeni-yeni uğurlar əldə edir”. O, partiyanın gəncliyin inkişafı üçün uğurlu fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Yen Azərbaycan Partiyasının yaranmasının tarixi hadisə olduğunu vurğulayıb. YAP-ın 22 il ərzində böyük inkişaf yolu keçdiyini deyən V.Rəhimzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın möhtəşəm uğurlar qazandığını bildirib: «YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyamız ümumxalq partiyası adlanır və onun sıraları günbəgün genişlənir». YAP-ın sıralarında gənclərin kifayət qədər yüksək təmsil olunduqlarını deyən YAP Siyasi Şurasının üzvü əlavə edib ki, Ulu öndər Heydər Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıb. Bu siysət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda YAP-ın bir qrup gənc fəalı Fəxri fərmanlarla təltif olunublar.

COMMENTS