Yerevanda qiyamçılarla polis arasında atışma başlandı

Erməni polisi Yerevanda atışma baş verdiyini təsdiqləyib. Polisin yaydığı bəyanatda deyilir:

“Hüquq-mühafizə orqanlarının təkidli tələb və xəbərdarlıqlarına baxmayaraq qiyamçılar PPS alayının ərazisindən hüquq-mühafizə orqanlarının əməkdaşları istiqamətində avtomat silahdan atəş açıblar. Polis cavab atəşi açmaq məcburiyyətində qalıb və Arayik Xandonyan da ayağından məhz bu zaman yaralanıb”.

**

Bu dəqiqələrdə Yerevanda son hadisələr işığında prezident Sarkisyanı kəskin tənqid edən və 1990-1995-ci illərdə Ermənistan parlamentinin üzvü olmuş Albert Baqdasaryanın həbsi xəbəri yayılıb.

**

Qiyamçıların verdiyi məlumata görə, Arayik Xandonyan pilotsuz uçan aparatdan tökülən əşyalara yaxınlaşmaq istəyərkən snayper tərəfindən vurulub.

**

Yerevanda təhlükəsizlik qüvvələri polis bölməsini ələ keçirmiş qiyamçılara atəş açıblar.

Məlumata görə, qiyamçılardan biri-erməni kəşfiyyatçısı, barəsində onlarla film çəkilmiş Arayik Xandonyan ayağından yaralanıb.

Bu arada qiyamçıların liderlərindən biri-Varujan Avetisyan jurnalistlərlə əlaqə yaradaraq bildirib ki, polis alayının üzərində pilotsuz uçuş aparatı dövrə vurur və ondan əraziyə nə olduğu bilinməyən əşyalar tökülür.

“Biz həmin əşyalara yaxınlaşmağa qorxuruq, çünki bunlar bomba da ola bilər “, – deyə Avetisyan vurğulayıb.

İddialara görə, atışma təhlükəsizlik qüvvələrinin girov götürülmüş tibb işçilərini azad etməyə cəhd göstərdikləri vaxt başlayıb.

COMMENTS