Yunis Hüseynov: “Zalsburq” “Qarabağ”dan çəkinir”

“Düzü, “Zalsburq”la ilk oyunda “Qarabağ”dan qələbə gözləmirdim. Ancaq komandamız əzmkar oyunu ilə qalib gəldi. Həqiqətən “Qarabağ” çox gözəl oyun nümyiş etdirdi”.

 

Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın tanınmış futbol mütəxəssisi Yunis Hüseynov klublarımızın avrokuboklardakı çıxışını dəyərləndirərkən deyib.

“Qarabağ”ın mərhələ keçmək şansının az olmadığını bildirən təcrübəli mütəxəssis rəqib “Zalsburq” komandasını da də yüksək qiymətləndirib: “Məncə, “Qarabağ” səfər matçında müdafiədən oynayacaq. İnanmıram ki, komandamız açıq futbol oynasın. Rəqib elə komandadır ki, “Qarabağ” açıq futbol oynasa, nəticə çox acınacaqlı olar. Ona görə də qapalı oynayıb, əks hücumlara bel bağlamaq lazımdır. “Zalsburq” yaxşı komandadır. Onlar da cavab matçına ciddi hazırlaşırlar. Reynaldo və Telinin cavab matçında olmaması “Qarabağ”ın oyununa çox yox, bir az mənfi təsir göstərə bilər”.
Y.Hüseynov “Neftçi”nin Avropa Liqasının III təsnifat mərhələsinin “Çixura” ilk oyunundan (0:0) və komandamızın növbəti mərhələyə yüksəlmək şanslarından da danışıb: “Neftçi” “Çixura”ya qalib gəlməli idi. Hamı kimi mən də komandamızdan ancaq qələbə gözləyirdim. Əfsuslar olsun ki, bu, baş vermədi. Ancaq “Neftçi”nin qol vurmaq imkanları çox oldu. İnanıram ki, “Koper”lə cavab matçında olduğu kimi bu dəfə də “Neftçi” əzmkar oyunu ilə qalib gəlib, mərhələni keçəcək. Ancaq bu, çox çətin olacaq. Çünki “Çixura” da oynamağı bacarır.

“Neftçi”nin hücum xəttində problem var. Həm “Koper”, həm də “Çixura” ilə oyunda hücum xəttində çatışmazlıqların olduğu göründü. “Neftçi” əvvəllər komanda şəklində oyun göstərirdi. İndi isə futbolçular fərdi utalıqlarını nümayiş etdirməyə çalışır. Son oyunda bu, özünü daha çox göstərdi. Futbolçular 1-2 rəqibini aldatmamış ötürmə vermək istəmirdi. Bu da komandanın qeyri-stabil çıxışına səbəb olur”.

Y.Hüseynov sonda hər iki komandamızın mərhələ keçməyə qadir olduğunu əlavə edib: “Komandalarımızın mərhələ keçmək şansı var. “Zalsburq”un ölkə çempionatının son oyununu izlədim. Onlar 5-6 əsas futbolçusuna istirahət vermişdilər. Deməli, “Qarabağ”dan çəkinirlər. Komandamıza səfər oyununda heç olmasa bir qol vurmaq lazımdır. Qol vura bilsək, mərhələni keçməyimiz çətin olmayacaq. “Zalsburq” o dərəcədə də güclü komanda deyil ki, rəqibdən çəkinək. İlk oyunda “Qarabağ” sübut etdi ki, “Zalsburq”a qalib gəlmək gücündədir. Sadəcə cavab matçında çox diqqətli olmaq lazımdır”.

COMMENTS