Zakatalada baş verən böyük maxinasiyalarla bağlı ölkə başçısına müraciət olundu

Tanınmış imza sahiblərindən olan əyalət jurnalisti Məmməd Əhmədoğlu bu gün Zaqatala rayonunda baş verən özbaşınalıqlarla bağlı prezident İlham Əliyevə, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova, Baş Prokuror Zakir Qaralova, Hesablama Palatasının sədri V.Gülməmmədova və daha başqa bir neçə instansiyaya çüraciət ünvanlayıb. Dosye.org Olaytv.az -a istinadən  müraciətin mətnini diqqətinizə təqdim edirik:

 

“Bu gün ölkədə hərbi-siyası dürümün mürəkkəbləşdiyi bir zamanda Sizə dövlətimizin iqtisadi-siyasi dayaqlarını öz fəaliyyət dövrlərində törətdikləri korrupsiya əməllərilə müəyyən qədər dağıtmağa nail olmuş Əhməd və Mübariz Əhmədzadə Cümə oğullarının qanunazidd hərəkətlərilə bağlı apardığımız monitorinqin nəticələri əsasında müraciət etməyi vətəndaşlıq və peşə borcu hesab edirik.

Müstəqil dövlətimizdə ictimai bəla hesab edilən korrupsiyaya qarşı mübarizə ilə bağlı qəbul edilmiş qanunlar, sərəncamlar və Dövlət proqramları imkan verir ki, bütün məmurlarımız məsuliyyət hiss edərək özlərini xalqın xidmətçiləri kimi aparsınlar. Və bu ifadəni Siz də şəxsi nümunə göstərərək məmurlar qarşısındakı rəsmi çıxışlarınızda dəfələrlə vurğulamısınız. Çox təəssüflər olsun ki, bəzi məmurlarımız müharibə şəraitində yaşadığımız bir zamanda ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində nümayiş etdirdiyiniz siyasi iradəyə belə məhəl qoymadan öz bildikləri kimi qanunazidd hərəkətlərini davam etdirirlər. Bu istiqamətdə hətta “qırmızı xətt”i keçmiş və nəticədə məmur-oliqarx səviyyəsinə yüksəlmişlər. Məsələn, AR-nın “Meliorasiya və Su təsərrüfatı”ASC-nin sədri Əhməd Əhmədzadə və onun qardaşı Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin xidməti vəzifələrindən süi-istifadə edərərək külli-miqdarda dövlət vəsaitini mənimsəmələri faktları son illərdə ölkənin aparıcı KİV-ləri tərəfindən faktlar və rəqəmlərlə dəfələrlə geniş araşdırılmış və Azərbaycan ictimaiyyətinə, hüquq mühafizə orqanlarına təqdim edilmişdir. Maraqlı burasıdır ki, son iki ildə müxtəlif informasiya vasitələrində 84 dəfə çap edilmiş araşdırılmış korrupsiya faktlarına görə Əhmədzadə qardaşları vicdanlarının təmizliyi naminə də olsa, bircə dəfə öz şərəf və ləyaqətlərini qorumaq üçün məhkəməyə müraciət etməyə cəhd etməmişlər. Lakin bütün bunlara baxmayaraq qardaş məmurlar bu gün özlərini “cəzasızlıq atmosferində” hiss etdiklərindən heçnəyə məhəl qoymadan irimiqyaslı korrupsiya əməllərini davam etdirirlər. Mətbuatda yazılan rəqəmlərə təxmini istinad etsək görərik ki, dövlət büdcəsindən korrupsiya yolu ilə oğurlanmış pullara Azərbaycan Ordusunun şəxsi heyətini 8 ay 10 gün müddətinə ərzaqla, paltarla və silahla təchiz etmək olardı. Düşünürük ki, belə nümunələr cəmiyyətimizin tərbiyəsinə öz mənfi təsirini göstərməklə yanaşı, həm də müharibə şəraitində yaşayan bir dövlətdə zərərli ənənənin yaranıb yaşamasına səbəb ola bilər. Belə ki, dövlətin iqtisadi dayaqları sarsılmaqla yanaşı, cəmiyyətin mənəviyyatında aşılanma prosesi sürətlənir, işsiz və yoxsul vəziyyətdə yaşayan çoxmillətli rayon cavanlarlarının döyüş ruhu sındırılır. Zaqatala kimi bir rayonda inhisarçılığın nəticəsində iş adamlarına sərmayələr yatırmağa imkan verilmir, rayonun sosial-iqtisadi inkişafına süni maneçilik törədilir və nəhayət ən dəhşətlisi milli azlıqların nümayəndələrindən olan kişilərın əlacsızlıqdan dolanacaq xatirinə vəhabilik təriqətinə meyllənməsi və qoşulması prosesi sürətlə davam edir. Bunu bir sıra istiqamətlərdə aparılan sosioloji sorğular təsdiq edir.Yerli aidiyyatı orqanlar isə Bakını məlumatlandırmaq əvəzinə susmağa üstünlük verirlər. Elə ona görə də sosial vəziyyətlə bağlı sabah baş verəcək hər hansı hadisəyə görə birbaşa məsuliyyət rayon rəhbərliyinin üzərinə düşür. Əvvələr Qax “Avtonəqliyyat” müəssisəsinə 18 il rəhbərlik etmiş (yəni, Qax-Bakı marşrutu üzrə işləyən iki “İkarus” markalı avtobusa nəzarət etmiş) və sonradan birbaşa icra başçısı posutuna əyləşmiş bu şəxsin orta məktəb şagirdi səviyyəsində nitq söyləmə qabiliyyəti olmadığından yerli camaat ona sıradan sanki təhsili olmayan adi bir adam kimi baxırlar. Lakin savadını artırmaq əvəzinə, vaxtının daha çox hissəsinin dövlət işlərinə deyil, şəxsi biznesə sərf etməsi rayonda acınacaqlı durum yaratmışdır. Başçının nəfsi hətta o həddə çatmışdır ki, qədim İlisu kəndində yerləşən və təbiət möcüzəsi sayılan 28 metr hündülüyü olan “Uludağ” şəlaləsinin həndəvərini ağır texnika ilə qaya daşlarını sökdürüb şəxsi villalarında üzlük material kimi istifadə etmişdir. Nəticədə şəlalə artıq məhv olmaq üzrədir. Məmura, insanlığa, müsəlmançılığa yaraşmayan bu hərəkəti yerli insanlar nifrətlə qarşılayırlar. Yəni, M. Əhmədzadənin müqəddəs ziyarətin daşını talan etməsi-dağıtması, zibilliyə çevirməsi birbaşa dövlət başçısının nüfuzuna yerli ictimaiyyət arasında ciddi zərər yetirir.

Xahiş edirik, Əhmədzadə qardaşlarının fəaliyyətilə bağlı müstəqil mətubuat tərəfindən son illər araşdırılan və sübuta ehtiyacı olmayan aksioma formasında dərc edilmiş korrupsiya faktlarının müvafiq idarələr tərəfindən araşdırılaraq hüquqi qiymət verilməsinə göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildirirk”.

Bütün maraqlı tərəfləri diləməyə hazırıq…

COMMENTS