Zakir Həsənov: “”ADEX-2014″ sərgisi milli müdafiə qüdrətimizin nümayiş meydançasına çevriləcək”

Zakir Həsənov: “”ADEX-2014″ sərgisi milli müdafiə qüdrətimizin nümayiş meydançasına çevriləcək”

“Dünyanın 34 ölkəsinin məşhur şirkətlərinin və digərlərinin Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (ADEX-2014) sərgisinə olan böyük marağı Azərbaycanın dünyada artan nüfuzuna parlaq misaldır.

 

Sübhəsiz ki, Bakıda keçirilən “ADEX-2014” sərgisi milli müdafiə qüdrətimizin, eləcə də yeni qlobal nailiyyətlərin və yerli istehsalın ən böyük nümayiş meydançasına çevriləcək”.

Bunu Trend-ə açıqlamasında müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Müdafiə nazirinin sözlərinə görə, son illər Azərbaycanın müdafiə sənayesi əsaslı inkişaf yolu keçib. Artıq Azərbaycan güclü hərbi sənayeyə malikdir və hərbi zavodlarımızda 900-dən artıq çeşiddə müdafiə təyinatlı məhsul istehsal edilir: “Azərbaycan hərbi sənayesi bütün növ patronları istehsal edir. Həmçinin Azərbaycanda tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, zirehli maşınlar, snayper tüfəngləri və pilotsuz təyyarələr istehsal olunur. Ölkəmiz çox güclü hərbi sənayeyə malikdir. Azərbaycan məhsulları dünya sərgilərində nümayiş etdirilir. Dövlətimizin qayğısı nəticəsində xaricdən ən müasir hərbi texnika alır, eyni zamanda, daxili istehsalı gücləndiririk. Sözsüz ki, 1-ci Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” sərgisi hərbi sənayenin müxtəlif sahələrində mövcud olan müasir müdafiə texnologiyaları, eləcə də dünya silah bazarına ixrac üçün təklif olunan ən yeni hərbi texnika məhsulları ilə yaxından tanış olmaq baxımından çox gözəl fürsətdir”.

Z.Həsənov qeyd edib ki, son illər Azərbaycan Silahlı Qüvvələri böyük inkişaf yolu keçib, ordunun maddi-texniki təchizat bazası kompleks şəkildə müasirləşdirilib və döyüş qabiliyyəti artırılıb. Azərbaycan xaricdən ən müasir hərbi texnika almaqla yanaşı, yerli hərbi sənayeni də inkişaf etdirərək genişləndirir. Azərbaycan müdafiə sənayesinin məhsulları dünya sərgilərində nümayiş etdirilir və respublikanın ixrac imkanları artır: “Ümid edirik ki, “ADEX-2014” sərgisi Azərbaycanın malik olduğu hərbi potensialın nümayişi, bilik və təcrübələrin mübadiləsi, habelə təhlükəsizlik məsələlərinin müzakirəsi üçün ideal meydançaya çevrilməklə yanaşı, mövcud hərbi-texniki əməkdaşlığı möhkəmləndirmək, yeni perspektivlər əldə etmək və yeni işgüzar əlaqələr qurmaq üçün də lazımi şərait yaradacaq. Bu sərgi bütün hərbi sənaye dünyası üçün böyük görüş meydanıdır. Burada təqdim olunan imkanlar demək olar ki, tükənməzdir. Mən əminəm ki, “ADEX-2014” sərgisi çərçivəsində reallaşacaq təcrübə mübadiləsi iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsinə, həm beynəlxalq, həm də regional səviyyədə yeni təşəbbüslərin yaranmasına töhfə verərək gələcəkdə bu sahənin inkişafı üçün təkan olacaq”.

COMMENTS