Gənc fəal məhkəmə önünə çıxarıldı

Onlar Bakının mərkəzində “2-ci Qarabağ müharibəsi başlasın” tələbi ilə aksiya keçirmişdilər.

 

Avqustun 3-də Bakının Fəvvarələr meydanında Milliyyətçi Gənclər Təşkilatının (MGT) təşkilatçılığı ilə “Səfərbərlik elan olunsun, 2-ci Qarabağ müharibəsi başlasın” tələbi ilə keçirilən imzatoplama aksiyası polislər tərəfindən dağıdılıb. Təşkilatın idarə heyətinin üzvü Müşfiq Atilla Vəliyev, İsmayıl Camalov, Orxan Eyvazov və Aqşin Aşurov həbs edilib. Hazırda gənc fəalları Səbayel Rayon Məhkəməsinə aparıblar.
Bu barədə musavat.com-a MGT-nin idarə heyətinin üzvü İlkin Bozqurd məlumat verib. O, bildirib ki, təkcə Bakıda deyil, Gəncədə də təşkilatın 3 fəalı həbs edilib: “Müşfiq və mən sərhəddə baş verən son hadisələrdən sonra facebookda event yaradaraq, müharibənin başlatmasını ölkə prezidentindən tələb etmişdik. Bunun üçün avqustun 3-də Fəvvarələr meydanında imzatoplama aksiyası təşkil etdik. Lakin aksiya başlamamış, təşkilatımızın üzvləri başda Müşfiq bəy olmaqla, zorakı şəkildə həbs edilərək, 39-cu polis bölməsinə aparıldılar. Gün ərzində çox çalışsaq da, əlaqə yarada bilmədik. İndi məlumat əldə edə bildik ki, artıq onlar Səbayel Rayon Məhkəməsinə aparılıblar. Cəzanın nə olacağı barədə bir söz deyə bilmirik. Çox guman ki, inzibati cəzalar və pul cərimələri kəsiləcək. Bundan əlavə dünən Gəncədə də 3 fəalımız- Arzu Məmmədzadə, Anar İmanov və Turqan Əliyev həbs edilib. Biz sadəcə öz tələbimizi irəli sürdük. Heç bir qanun pozuntusu etmədik. Amma polislərimiz bizə qarşı qanunsuzluq etdilər. Sanki müharibəni biz başlatmışıq. Bu qədərdə qeyri-insanı rəftar etmək olmaz. Bizlərin bir günahı var. O da vətənimizi sevməkdir”.
Məhkəmənin gənc fəallar haqqında verəcəyi qərarla bağlı gün ərzində məlumat verəcəyik.

COMMENTS