Qarabağ vetranlarından prezidentə müraciət

Arif Paşa: “Döyüşmək üçün prezidentə müraciət etmişəm”;Nurəddin Xoca: “Şəhid olmaq növbəsi bizimdir”;Etibar Əmiraslanov:

 

“Biz villa, qazanc, var-dövlət istəmirik, ölüm istəyirik”

 

Cəbhə xəttində yaşanan gərginlik və hərbi əməliyyatlar könüllü batalyonlar yaradılması fikrini aktuallaşdırıb. 1992-93-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə könüllü batalyonlar, dəstələr xüsusi fədakarlıq nümayiş etdirib. O baxımdan könüllü batalyonlara yenidən ehtiyac yarandığı deyilə bilər. Artıq Laçın alayının sabiq komandiri Arif Paşayev prezidentə müraciət edib.

A.Paşayev facebook səhifəsində bunları yazıb: “Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə. Cənab Ali Baş Komandan mən işləmək üçün Rusiya Federasiyasının Komi Respublikasına getməyi planlaşdırırdım. Son vaxtlar cəbhədə yaranan vəziyyətlə əlaqədar bu səfərimdən imtina etdim.

 

Vətən naminə canından və qanından keçməyə hazır olan biz keçmiş döyüşçülər torpaqlarımızın azadlığı uğrunda aparılacaq mübarizənin ön sıralarında olmağı özümüzə şərəf və borc bilirik. Tanrı vətənimizi və millətimizi qorusun”.

Keçmiş döyüşçü, bozqurd batalyonun komandiri olmuş Nurəddin Xoca da prezidentə ilk müraciət edənlərdən olub. Onun sözlərinə görə, veteranlara da prezidentə müraciət etməyi söyləyib: “Artıq bir çox 1-ci Qarabağ müharibəsi veteranları Ali Baş Komandana müraciət ediblər.

 

Çağırış etmişəm ki, bizi hərbi hissələrə ezam etsinlər. İndi veteranlar orduya çağırılmalı, hərbi hissələrə götürülməlidirlər. Səngərlərdə çoxluğu veteranlar təşkil etməlidirlər. Bir də biz 1-ci Qarabağ müharibəsi veteranları məğlub ordunun əsgərləri ləkəsini öz üstümüzdən silmək istəyirik”.

N.Xocanın fikrincə, cəbhədəki vəziyyətlə bağlı xəbərlər boşluğunu şayiələr doldurur: “Bu da Müdafiə Nazirliyinin mətbuat xidmətinin yarıtmaz işlədiyini göstərir. Lakin müdafiə nazirinin bütün Qarabağ cəbhəsini gəzməsi, ağır texnikanın cəbhəyə göndərilməsi, zərbə hücum hava qüvvələrinin döyüş bölgələrində havaya qaldırılması, bəzi xəbərlərin düz olduğunu göstərir.

Ordumuz ermənilərin zərbəsinə əks zərbə endirib.

Düzdür, şəhidlərimiz var. Amma döyüş gedir və istəsəkdə, istəməsək də itkilərlə qarşılaşacağıq. Ona görə də tələb edirik ki, veteranlar orduya çağırılsın. Razıyıq, əsgər kimi səngərə girib, öz təcrübəmizi bu cavan əsgərlərə öyrədək. Həm də indi irəli getmək, şəhid olmaq bizim növbəmizdir. Biz vicdanımızda olan bu ləkəni yumalıyıq. Bu cavan əsgərlər yox. Onlar bu vətənə hələ çox lazım olacaqlar”.

Əfsanəvi döyüşçü Etibar Əmiraslanov da könüllü döyüşməyə hazırdır: “Cəbhə xəttində olanlar cavan uşaqlardır. Onlar lap iki il qulluq etsinlər. Axı döyüş görməyiblər?! Mütləq köhnə döyüşçüləri onların yanına qoymaq lazımdır. Hər 10-15 əsgərə bir təcrübəli döyüşçü ayırmaq lazımdır. Ancaq bildiklərini edirlər. Biz isə hamımız döyüşməyə hər an hazırıq”.

 

E.Əmiraslanov deyir ki, məmurlar var Əlibəylinin getməsinə razıdır, amma onun döyüşlərə qayıtmağına yox: “Məni yuxarılara pis qələmə veriblər. Bilirlər ki, ermənilərin yüksəkliklərinə bayrağımızı sanca-sanca gedəcəyəm, prezident də bu məsələdə diqqətlidir. O halda məmurlar pis vəziyyətdə qalacaqlar. Ona görə məni yuxarılara pis təqdim edirlər, istəmirlər döyüşlərə gedim. Biz villa, qazanc, var-dövlət istəmirik, ölüm istəyirik”.

COMMENTS