“Gundemxeber.tv” döyüş bölgəsində

Goranboy əhalisi torpaqları azad etməyə tam hazırdır

 

Bu günlərdə Gündəm xəbər.tv və Gündəm xəbər.az saytının rəhbəri Şirin Cəfəri başda olmaqla, video repartyor Əli Rza Muxtarvə müxbir Rüfət Sultan Goranboy rayonu ərazisində cəbhə bölgəsində olub. Qeyd edək ki, bu rayon Birinci Qarabağ müharibəsində bir qarış olsun torpağını ermənilərin işğalı altına verməyib. Əksinə, goranboylular ermənilərdən bəzi əraziləri geri almağa nail olublar.
Bildiyiniz kimi, son günlər erməni işğalçıları təmas xəttində gərginlik yaratmağa çalışaraq, atəşkəs rejimini dəfələrlə pozmağa cəhd ediblər. Bu zaman Azərbaycan ordusu düşmən hücumunu dəf edərək, onları çox saylı itki verərək, geri çəkilməyə məcbur edib. Belədə ordumuz ermənilərə layiqincə öz gücünü göstərə bilib. Goranboy rayonu ərazisi də ermənilərlə təmas xəttində yerləşir. Lakin buna baxmayaraq yerli sakinlər buradan heç bir yana köçməyib, əksinə, hər yay bura ölkənin başqa yerlərindən də turistlər gəlir. Hətta yol boyu Bakı, Gəncə və ölkənin bir sıra bölgələrindən bura ailəliklə istirahətə gələnlərin olduğunu müşahidə etdik. Müşahidələrimiz onu da göstərdi ki, Azərbaycan xalqı düşməni torpaqlarımızdan qovmaq üçün döyüşə tam hazır vəziyyətdədir.
Goranboyun Yuxarı Ağcakənd və Aşağı Ağcakənd bələdiyyəsi əraziləri də ermənilərlə cəbhə xəttinə yaxın ərazidə yerləşir. Həmin kəndlərin əhatə olunduğu dağın o biri tərəfində erməni postları qurulub. Lakin buna baxmayaraq, bu kəndlərin əhalisi də doğma torpaqlarını tərk etmək barədə düşünmürlər. Onlar, döyüşə tam hazır vəziyyətdədirlər.
Bizimlə söhbətdə Aşağı Ağcakənd qəsəbə bələdiyyəsinin sədri Sahib Kərimov da bölgə əhalisinin əhval-ruhiyyəsinin yüksək olduğunu təsdiqlədi: “Öncə qeyd edim ki, burada gördüyünüz gözəl mənzərələrə yaxın bir ərazilərdə, dağın o tərəfində ermənilərin təmas xəttidir. Amma buna baxmayaraq, gördüyünüz bu gözəl təbiətin qoynunda, çay kənarı ərazilərdəki ailəvi istirahət mərkəzlərində minlərlə insan dincəlir. Dağın o biri tərəfində təmas xəttində isə ermənilərlə Azərbaycan ordusu üzbəüz durub. Burada bir dəfə də olsun atəş səsləri eşitməmişik. Ordumuz o qədər güclüdür ki, işğalçı ermənilər bu ərazilərə atəş açmaqdan belə çəkinirlər. Son illər Goranboy rayonu həddən artıq gözəlləşib. Həmçinin, durduğumuz ərazidəki istirahət zonası da gözəlliyə qərq olunub. Ermənilərdən heç bir qorxumuz yoxdur. Azərbaycan ordusu öz gücü ilə inları yerlərində oturtmağa tam şəkildə qadirdir. Məhz bu gücü gördüklərindən ermənilər bizim bu ərazilərə yaxın belə dura bilmirlər. Bəzən televiziya ekranlarında cəbhə bölgəsində reallığı əks etdirməyən fikirlər səslənir. Amma daha gözəl olardı ki, reallıq göstərilsin. Düzdür dağları aşaraq, təmas xəttinə daha yaxın yerləri çəkməyinizə kömək etmək üçün texniki imkanlarımız olmadı. Buranın əhalisi də yüksək əhval-ruhiyyədədir. Durduğumuz yerlə təmas xətti arasında hardasa 1 km məsafə vardır. Qarşıda gördüyünüz təpəni aşdıqdan sonra, təmas xətti ilə üzbəüz durursan. Oralarda atəş açılarsa, sözsüz ki, burada da eşidiləcək. Amma gördüyünüz kimi atəş səsləri eşidilmir, sakitlikdir. Özüm əslən Qərbi Azərbaycandanam. Göyçə mahalının Qaraqoyunlu kəndindən bura gəlmişəm. Dəqiq bilirəm ki, ermənilərdə tarixən terk millətinə qarşı müharibə aparmaq imkanı, gücü və bacarığı yoxdur. Onlar tarixən belə hünərə sahib olmayıblar, indi də sahib deyillər. Ermənilər yalnız kiminsə kölgəsində yatıb, kiminsə kölgəsinə güvənir, kiminsə buyruqçusu, əlaltısıdırlar. Ermənilər kiməsə güvənməklə hürə bilər, amma tuta bilməzlər. Biz isə tam müstəqil bir Azərbaycan dövlətinin vətəndaşlarıyıq, türk oğlu türkük, namusumuz, qeyrətimiz var. Burada yaşayan hər bir insan, uşağından tutmuş yaşlısına qədər Ali Baş Komandanın bircə əmrinə hazırdır ki, hücuma keçib erməniləri torpaqlarımızdan qovaq. Ermənilər Birinci Qarabağ savaşında da Goranboy əhalisindən qorxub. Həmin zaman da Goranboy sakinləri ermənilərə elə bir od qoyub ki, bu gün də düşmənlərimiz ərazimizə hər hansı bir hücum etmək, atəşə tutmaqdan belə çəkinir”.

Təmas xətti və Gülüstan istirahət mərkəzi…

Qeyd etdiyimiz kimi, təmas xəttinə yaxın ərazidə, “Gülüstan” istirahət mərkəzi yerləşir. İstirahət mərkəzi dağın ətəyində yerləşdiyindən, eyni zamanda, təmiz havası ilə seçilir. Hazırda istirahət mərkəzi bura gələn turistlərlə doludur. Bunun özü də onu göstərir ki, nəinki yerli əhali, hətta başqa rayonlardan bura dincəlməyə gələn insanlar da cəbhə bölgəsinə yaxın olmalarına baxmayaraq, heç nədən qorxmurlar.
Gülüstan istirahət mərkəzinin meneceri Məhəmməd Əliyev buradakı ab-havadan danışdı: “Bu istirahət mərkəzi əvvəlki günlərdə olduğu kimi, bu günlərdə də bütün gücü ilə fəaliyyət göstərir. İstirahət mərkəzinə Azərbaycanımızın bütün diyarlarından, Yevlax, Gəncə, Şəki, hətta xarici ölkələrdən, Gürcüstan, Litva, Latviyadan da turistlər gəlir. Biz milli ordumuza tam güvənirik, əminik ki, onlar keşiyimizdə möhkəm dayanıblar. Burada heç bir qorxu, təhlükə yoxdur. Hətta ərazidə atəşkəs səsləri də eşidilmir. Xarici turistlər də burada heç bir təhlükə hiss etmir. Ona görə də bura gələnə qədər eşitdiklərinin yalan olduğuna əmin olublar”.

Cəbhə bölgəsi və toy şənlikləri…

Həmin gün cəbhə xəttinə yaxın ərazidə, Aşağı Ağcakənd kəndində həm də kiçik toy məclisi keçirilirdi. Bu hal da onun nəticəsidir ki, yerli əhalinin əhval-ruhiyyəsi olduqca yüksəkdir.
Həmin toyun iştirakçılarından olan, Xocalı sakini Şirinov Qaralı Bədəl oğlu da düşməndən qətiyyən çəkinmədiklərini bildirdi: “Hazırda Goranboyun bu ərazisində məskunlaşmışam. Ulu öndərin oğlu, prezident İlham Əliyev burada məni evlə təmin edib. İndi burada toy məslisinin şahidisiniz. Cəbhə bölgəsində gərginliyin olmasına baxmayaraq, heç kim buradan köçməyib. Onsuz da heç yana köçən deyilik. Yalnız doğma torpaqlarımızı geri və ermənilərdən qisas alandan sonra, Vətənimizə qayıdacağıq. Burada atəş səsləri eşitməmişəm. Ordumuz bizi düşməndən möhkəm qoruyur”.
Toy sahibi Sabir Bəbir oğlu Rüstəmov isə hər an torpaqları geri qaytarmağa hazır olduqlarını söylədi: “Hazırda Goranboy rayonu Aşağı Ağcakənd ərazisində məskunlaşmışıq. Cəbhə bölgəsi ilə yaşadığımız ərazi arasında 1 km məsafə olmasına baxmayaraq, burada çox sakitçilikdir. Bu sakitliyi də bizə yaradan milli ordumuzdur. Onların mətanəti sayəsində özümüzü burada tam sərbəst hiss edirik. Hər gün xeyir işləri olur. Bu gün də nəvəmin kiçik toyudur. Özümüz Xan kəndindənik. Vəziyyət gərginləşərsə, Ali Baş Komandanın əmri ilə torpaqlarımızı geri qaytarmağa hazırıq”.
Yol boyu Aşağı Ağcakənd kəndində əhalinin təsərrüfat işləri ilə məşğul olduğunun şahidi olduq. İnsanlar özləri üçün yaşayış evləri tikirdi. Bu amil də onu təsdiqləyir ki, bölgə sakinləri hazırda ruh yüksəkliyi yaşayır. Onlar əmindirlər ki, yaxın zamanlarda Azərbaycan ordusu torpaqlarımızı azad edib, dövlətimizin ərazi bütövlüyünü bərpa edəcəklər.

http://www.youtube.com/watch?v=pF8vKQugHq4

 

Həsən İslamov

Bakı-Goranboy-Bakı

COMMENTS